
Qırğızıstanın müxalif Birləşmiş Demokratik Hərəkatı 2027-ci ildə keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak etmək qərarını açıqlayıb.
Müvafiq bəyanatı hərəkatın koordinatoru Mambetjunus Abılov yayıb.
Bəyanatda bildirilir ki, hərəkat qarşıdan gələn seçkilər ərəfəsində ölkənin demokratik qüvvələrini birləşdirmək niyyətindədir: “Hərəkatın nümayəndələri demokratiyanın bərpasının, qanunun aliliyinin təmin edilməsinin, insan hüquqlarının qorunmasının, azad seçkilərin keçirilməsinin və siyasi rəqabətin inkişaf etdirilməsinin tərəfdarı olduqlarını deyiblər. Onların fikrincə, ölkəyə təkcə hakimiyyət dəyişikliyi deyil, dövlət idarəetmə sistemində dəyişiklik lazımdır”.
Bəyanatda qeyd olunur ki, Birləşmiş Demokratik Hərəkat dövlət dilini bilmə üzrə test imtahanından uğurla keçmiş dörd nümayəndəsi arasından vahid prezidentliyə namizədinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edib.
Namizədlər arasında Qırğızıstan Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Mambetjunus Abılov, Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri general-leytenant Keneşbek Duyşebayev, Joqorku Keneşin keçmiş deputatı və sabiq səfir Bektur Asanov və qadın hüquqları müdafiəçisi Perizatkan Suranovanın adları çəkilir.
Bununla belə, bəyanatda sadalanan siyasətçilərdən hansının vahid namizəd kimi irəli sürüləcəyi dəqiqləşdirilmir.
Hərəkat digər demokratik siyasi qüvvələri, vətəndaş cəmiyyəti nümayəndələrini və vətəndaşları bəyan edilmiş məqsədlərə nail olmaq üçün birləşməyə çağırıb.
“Teleqraf” xatırladır ki, Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-nə təyin edilib. Mərkəzi Seçki Komissiyasının təqvim planına əsasən, namizədlərin irəli sürülməsi prosesi 2026-cı il noyabrın 13-də başa çatır.