Azərbaycan-MDB əməkdaşlığı: ƏSAS İSTİQAMƏTLƏR VƏ PERSPEKTİVLƏR
TƏHLİL

Azərbaycanın xarici siyasətində çoxtərəfli əməkdaşlıq platformaları mühüm yer tutur. Regional və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət ölkənin siyasi dialoqunun genişləndirilməsi, iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımından vacib mexanizmlərdən biridir. Bu baxımdan Müstəqil Dövlətlər Birliyi (MDB) Azərbaycan üçün tarixi əlaqələrin, qarşılıqlı iqtisadi maraqların və humanitar əməkdaşlığın inkişaf etdirildiyi əsas regional platformalardan biridir.


Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib.


AZƏRTAC Azərbaycanın MDB ilə əməkdaşlığının əsas istiqamətlərini, bu platformada həyata keçirilən fəaliyyətin mahiyyətini və regional əməkdaşlığın inkişafı baxımından təşkilatın əhəmiyyətini nəzərdən keçirir.


MDB-nin yaranması və Azərbaycanın təşkilata qoşulması - Əməkdaşlıq üçün yeni mərhələ


Müstəqil Dövlətlər Birliyi 1991-ci il dekabrın 8-də Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilib. Təşkilatın yaradılmasında əsas məqsəd yeni müstəqil dövlətlər arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq mexanizmlərinin formalaşdırılması olub. MDB-nin Əsasnaməsində təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır. Birliyin əsas fəaliyyət istiqamətləri sırasında siyasi, iqtisadi, ekoloji, humanitar və mədəni sahələrdə əməkdaşlığın həyata keçirilməsi, ümumi iqtisadi məkan çərçivəsində üzv dövlətlərin hərtərəfli və balanslaşdırılmış inkişafının təmin olunması, dövlətlərarası kooperasiya və inteqrasiyanın gücləndirilməsi xüsusi yer tutur.


Azərbaycan Respublikası 1993-cü il sentyabrın 24-də MDB Dövlət Başçıları Şurasının iclasında qəbul edilən qərarla təşkilata üzv olub. Bu addım Azərbaycanın müstəqillik dövrünün ilk illərində regional əməkdaşlıq proseslərinə fəal qoşulmasına və tərəfdaş dövlətlərlə münasibətlərini yeni müstəvidə inkişaf etdirməsinə imkan yaradıb. Azərbaycan MDB çərçivəsində fəaliyyətini hər zaman öz milli maraqları və beynəlxalq hüququn prinsipləri əsasında qurub. Ölkəmiz təşkilat daxilində qəbul edilən sənədlərə münasibətdə müstəqil mövqe sərgiləyib, zəruri hallarda xüsusi rəylər və qeyd-şərtlər təqdim edib.


MDB-nin institusional strukturu isə geniş mexanizmləri əhatə edir. Təşkilatın əsas nizamnamə orqanlarına Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Sərhəd Qoşunları Komandanları Şurası və Parlamentlərarası Assambleya daxildir. Qeyd edək ki, Azərbaycan İqtisad Məhkəməsinin üzvü deyil. Ümumilikdə MDB çərçivəsində 84 orqan təsis olunub, onların 66-sı sahəvi qurumlardır. Bu strukturlar iqtisadiyyat, nəqliyyat, energetika, elm, təhsil, mədəniyyət və digər istiqamətlərdə əlaqələrin inkişafına xidmət edir.


MDB-nin ali orqanı olan Dövlət Başçıları Şurasının iclasları adətən ildə bir dəfə keçirilir. Bu görüşlərdə siyasi, iqtisadi, mədəniyyət, humanitar və hüquq-mühafizə məsələləri, eləcə də iştirakçı dövlətlərin maraq dairəsinə daxil olan digər mövzular müzakirə olunur.


MDB İcraiyyə Komitəsinin baş katibi vəzifəsini 2007-ci il oktyabrın 5-dən Sergey Lebedev icra edir. O, 2025-ci il oktyabrın 10-da Tacikistanın Düşənbə şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında növbəti üç il müddətinə yenidən baş katib təyin olunub. Azərbaycan Respublikasının MDB-nin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi isə ölkəmizin Belarusdakı səfiri Məhərrəm Əliyevdir.


Azərbaycan-MDB əməkdaşlığında milli maraqlar və regional əlaqələr


Azərbaycan MDB çərçivəsində əməkdaşlığı qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün mühüm platforma kimi qiymətləndirir. Ölkəmiz təşkilat daxilində Ermənistan istisna olmaqla, digər üzv dövlətlərlə müxtəlif sahələrdə, xüsusilə mədəniyyət, humanitar əlaqələr, elm, təhsil və başqa istiqamətlərdə geniş əməkdaşlıq həyata keçirir.

Azərbaycanın MDB siyasətinin əsas xüsusiyyətlərindən biri təşkilat daxilində əməkdaşlıq proseslərində milli maraqların qorunmasıdır. Rəsmi Bakı MDB çərçivəsində qəbul edilən sənədlərə münasibətdə öz mövqeyini xüsusi rəylər və qeyd-şərtlər vasitəsilə göstərir.


Azərbaycan hər il MDB Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının və üzv olduğu digər orqanların iclaslarında fəal iştirak edir. Son illərdə keçirilən yüksəksəviyyəli görüşlər Azərbaycanın bu platformaya verdiyi əhəmiyyətin nümayişidir. Belə ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 18-də videokonfrans formatında keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında, 2021-ci il oktyabrın 15-də təşkil olunan növbəti videokonfrans görüşündə iştirak edib. Dövlətimizin başçısı 2022-ci il oktyabrın 14-də Astanada, 2023-cü il oktyabrın 13-də Bişkekdə, 2024-cü il oktyabrın 8-də Moskvada və 2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclaslarında da ölkəmizi təmsil edib. Bu görüşlərdə siyasi dialoqun inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əlaqələrin möhkəmləndirilməsi və regional məsələlər üzrə qarşılıqlı fəaliyyət imkanları müzakirə olunub.


Azərbaycanın MDB daxilində əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadi əlaqələrin inkişafıdır. Ticarət dövriyyəsinin artırılması, nəqliyyat imkanlarının genişləndirilməsi, tranzit potensialından istifadə və enerji sahəsində əməkdaşlıq regional tərəfdaşlığın əsas istiqamətləri sırasında yer alır. Son dövrdə Azərbaycan-Ermənistan münasibətlərində baş verən proseslər fonunda iqtisadi əlaqələr və tranzit məsələləri üzrə müəyyən irəliləyişlər müşahidə olunur. Belə ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı əvvəllər mövcud olmuş məhdudiyyətləri aradan qaldırıb. Hazırda Azərbaycan ərazisindən Ermənistana həm Azərbaycan mənşəli məhsulların, həm də üçüncü ölkələrə məxsus tranzit yüklərin daşınması həyata keçirilir. Bu addımlar regionda iqtisadi əlaqələrin bərpası, ticarət imkanlarının genişləndirilməsi və kommunikasiya xətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.


MDB çərçivəsində Azərbaycan öz yanaşmasını praqmatik və balanslı siyasət əsasında formalaşdırır. Ölkənin bu platformada iştirakı regional proseslərə münasibət bildirmək, qarşılıqlı əlaqələrin davamlılığını təmin etmək və gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək baxımından əhəmiyyət daşıyır. Hazırkı mərhələdə MDB müxtəlif istiqamətlər üzrə təmasların saxlanıldığı və dövlətlər arasında əməkdaşlıq mexanizmlərinin müzakirə edildiyi formatlardan biri olaraq qalır. Azərbaycanın bu proseslərdə iştirakı isə ölkənin regional münasibətlər sistemində fəal mövqeyini nümayiş etdirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.