Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
“Səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin - 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək. Sənəd beynəlxalq məsələlərdə və hərbi-siyasi əməkdaşlıqda koordinasiyanın gücləndirilməsini, terror təhlükəsinə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur”, - bəyanatda qeyd edilib.
S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Onun xarici işlər naziri Ceyhun Bayramovla danışıqları da nəzərdə tutulub.
XİN-in bəyanatında bildirilib ki, ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Sergey Lavrov “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” adlı konfransda da iştirak edəcək. Bu tədbir Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində keçiriləcək və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının ildönümünə həsr olunacaq.