Bu gün Bakı şəhərində Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
XİN-dən Senzor.az-a verilən xəbərə görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Səudiyyə Ərəbistanı tərəfindən xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim Əl-Xureyci rəhbərlik edib.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Səudiyyə Ərəbistanı tərəfinə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat verilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.