Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Gürcüstan səfirinə məsləhətləşmələr üçün Tbilisiyə qayıtmaq tövsiyəsini münasibətlərin kəskinləşməsinin ekstremal forması adlandırıb.
Bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda bildirilib.
“Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin Gürcüstan səfirini məsləhətləşmələr məqsədilə ölkə ərazisini tərk etmək qərarından dərin narahatlığını ifadə edir. Bu hərəkət diplomatik münasibətlərin kəskinləşməsinin ifrat formasıdır və təəssüf ki, rəsmi Kiyev dost dövlətə və xalqa qarşı bu addımı atır.
Ukrayna hakimiyyətinin göstərdiyi səbəb bu qərarı xüsusilə anlaşılmaz edir. Strasburq məhkəməsinin qərarı məhkum Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı fərziyyələrə son qoyub və bu, Mixeil Saakaşvilinin hüquqlarının dövlət tərəfindən qorunmasının ən yüksək standartlara uyğunluğunu bir daha təsdiq edir. Bu cür hadisələrin fonunda Ukrayna hakimiyyətinin qərarı iki ölkənin strateji münasibətlərinə əhəmiyyətli dərəcədə xələl gətirir və suveren dövlətin daxili işlərinə birbaşa müdaxiləni ifadə edir. Ümid edirik ki, rəsmi Kiyev öz qərarına yenidən baxacaq və iki ölkə arasında tarixi dostluq münasibətlərinin daha da inkişafı üçün səy göstərəcək. Bir daha vurğulamaq istərdik ki, Gürcüstanın Ukraynanın və Ukrayna xalqının ərazi bütövlüyü və suverenliyinə dəstəyi sarsılmazdır. Müharibə başlayandan bəri Gürcüstan Ukraynaya həm ikitərəfli səviyyədə, həm də müxtəlif beynəlxalq formatlarda siyasi və humanitar dəstək verir. Rusiyanın hərbi təcavüzü şəraitində ən çətin anlarda belə Gürcüstanın Ukraynadakı diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırmaması da əlamətdar haldır.
Bu gün Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyində keçirilən görüşdə Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Georgi Zakaraşvili də Tbilisinin rəsmi mövqeyini Ukrayna tərəfinə çatdırıb. Bir daha vurğulamaq istərdik ki, Gürcüstan gələcəkdə də müharibə şəraitində olan Ukraynaya həmrəyliyini və dəstəyini ifadə etməkdə davam edəcək. Məhz Ukrayna müharibənin aktiv fazasında olduğuna görə beynəlxalq münasibətlər və xüsusən də tərəfdaşları qarşısında böyük məsuliyyət daşıdığını dərk edən Gürcüstan tərəfi bu mərhələdə Ukraynanın atdığı addımlara cavab olaraq hər hansı əlavə reaksiyadan çəkinir və bundan sonra ikitərəfli münasibətlərin kəskinləşməsi, onsuz da mövcud olan çətin vəziyyəti dalana dirəyəcək”, - qeyd olunub.
Xatırladaq ki, bu gün səfir Georgi Zakaraşvili Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəziyyətinin xeyli pisləşməsi ilə bağlı Ukrayna Prezidentinin etirazının çatdırılması üçün Nazirliyə dəvət olunub. Gürcüstan səfirinə məsləhətləşmələr aparmaq üçün Tbilisiyə qayıtmaq tövsiyə olunub.
**16:53
Gürcüstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün səfir Georgi Zakaraşvili Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəziyyətinin xeyli pisləşməsi ilə bağlı Ukrayna Prezidentinin etirazının çatdırılması üçün Nazirliyə dəvət olunub.
Gürcü diplomatın diqqətinə çatdırılıb ki, Ukrayna vətəndaşı olan Mixail Saakaşviliyə qarşı bu münasibət qətiyyən yolverilməzdir.
Bildirilib ki, Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşına qarşı bu hərəkəti dayandırmalıdır. Bununla əlaqədar Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvilinin mövcud vəziyyətin həlli yollarının tapılması istiqamətində məsləhətləşmələr aparmaq üçün Tbilisiyə getməsi tövsiyə olunub.
Kiyev Mixeil Saakaşvilinin müalicəsi üçün Ukraynaya aparılması məsələsini təcili müzakirə etməyə hazır olduğunu vurğulayıb.(APA)