İsrail Müdafiə Qüvvələri Qəzzada dövlət qurumlarına nəzarəti ələ keçirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında məlumat verilib.
“7-ci briqadanın və “Qolani” briqadasının qüvvələri HƏMAS-ın mərkəzi idarəetmə mərkəzlərinə nəzarəti təmin edib və terrorçuları zərərsizləşdiriblər.
Şeyx İclin və Rimalda əməliyyatlar həyata keçirilib və HƏMAS-ın hərbi məqsədlər üçün istifadə etdiyi dövlət qurumlarına nəzarət təmin edilib.
7-ci briqadanın birləşmiş döyüş qüvvələri HƏMAS-ın qanunvericilik və hökumət binasını, HƏMAS-ın polis baş qərargahını, silah istehsalı və hazırlanması üçün istifadə olunan mühəndislik fakültəsini nəzarətə götürüb. Əməliyyat zamanı qüvvələr HƏMAS-ın təlim mərkəzlərinin, əməliyyat otağının, saxlanma və dindirilmə otaqlarının yerləşdiyi Qizat kompleksinə nəzarəti ələ keçirib. Obyektdə HƏMAS-ın silahları, eləcə də maarifləndirici və tədris materialları olub. Bundan əlavə, “Qolani” briqadasının birləşmiş döyüş qüvvələri HƏMAS-ın istifadə etdiyi obyekt kimi təyin edilən qubernator iqamətgahını uğurla ələ keçirib. Binada HƏMAS-ın hərbi və polis idarələri, həmçinin hərbi kəşfiyyat idarələri, qərargahları və təşkilatın müxtəlif postları yerləşirdi. Bu postlardan bəziləri HƏMAS tərəfindən oktyabrın 7-də İsrailə hücuma hazırlıqlar zamanı təlimlər üçün istifadə edilib”, - deyə məlumatda vurğulanıb.