Rumıniya soyuq havalarda Azərbaycandan Moldovaya və ya regionun digər ölkələrinə təbii qaz tədarük etməyə hazırdır.
Bu barədə Rumıniyanın energetika naziri Sebastian Burduja “Agerpres” agentliyinə bildirib.
“Moldova və ya regionun digər dövlətlərindən xüsusi müraciətlərimiz olarsa, biz ötən ilin yazında Rumıniya tərəfindən təmin edilmiş Azərbaycan variantını aktivləşdirməyə hazırıq. Onun vasitəsilə 1 milyard kubmetr təbii qaza çıxışımız var. Əgər bu həcm kifayət etməzsə, Yunanıstan-Bolqarıstan-Rumıniya və ya Türkiyə-Bolqarıstan-Rumıniya marşrutu üzrə mayeləşdirilmiş “mavi yanacaq” idxal edə bilərik”, - o vurğulayıb.
Qeyd edək ki, 2021-ci ilə qədər Moldova təbii qazı yalnız Rusiyanın “Qazprom” şirkətindən alırdı. Hazırda “mavi yanacağ”ın tədarükü onu bazardan alan “Energocom” dövlət şirkəti tərəfindən təmin edilir. O, Rumıniya Əmtəə Birjası platformasından və Polşa, Rumıniya və Bolqarıstan şirkətləri ilə birbaşa müqavilələrdən istifadə edir.
Moldova hökuməti “Energocom”un qarşısına istilik mövsümü üçün Rumıniya, eləcə də Ukraynada ən azı 450 milyon kubmetr təbii qaz almaq və saxlamaq vəzifəsi qoyub. Oktyabrın 7-nə olan məlumata görə, “Energocom” soyuq mövsümdə respublikada istehlakı tam ödəmək üçün ümumilikdə 500 milyon kubmetrdən çox təbii qaz alıb və alışları davam etdirir.
Moldova illik təxminən 1,3 milyard kubmetr “mavi yanacaq” istehlak edir.("Report")