Azərbaycanın səhiyyə naziri Teymur Musayev Kubanın Baş naziri Manuel Marrero Kruz ilə görüşüb, əməkdaşlığı müzakirə edib.
Bu barədə Senzor.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, T.Musayevin başçılıq etdiyi nümayəndə heyəti Kubada işgüzar səfərdədir. Kubanın Baş naziri Manuel Marrero Kruz səhiyyə nazirini qəbul edib. Görüşdə Kubanın Baş naziri Azərbaycan və Kubanın tarixi milli liderləri arasındakı münasibətlərin xalqlar arasındakı əlaqələrin səviyyəsinə əhəmiyyətli təsirini qeyd edib və bundan məmnunluğunu bildirib.
Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatının beynəlxalq arenadakı nüfuzunun yüksəldiyini və aparıcı siyasi qüvvəyə malik təşkilata çevrildiyini xüsusilə vurğulayıb. Manuel Marrero Kruz son dövrlər ölkələr arasındakı təmasların artdığını və müxtəlif sahələrdə birgə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.
T.Musayev bu səfərin ölkə rəhbərləri arasındakı münasibətlərin məntiqi nəticəsi olduğunu qeyd edib.