16 noyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqori İvliyevi qəbul edib.
Xarici İşlər Nazirliyindən Senzor.az-a bildirilib ki, görüş zamanı Azərbaycanda əqli mülkiyyət institutunun inkişafının ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanıldığı, sözügedən sahədə genişmiqyaslı struktur islahatlarının aparıldığı, idarəçiliyin optimallaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.
“Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” kimi dövlət əhəmiyyətli sənədlərdə əqli mülkiyyət sahəsinin inkişafı istiqamətlərinə ayrıca yer verildiyi ifadə olunub.
Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə APT-APİ arasında əməkdaşlıq əlaqələrinin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətlərin böyük önəm kəsb etdiyi vurğulanıb.
APİ-nin prezidenti Qriqoriy İvliyev tərəfindən qeyd edilənlərlə həmfikirlik bildirilərək, əqli mülkiyyət sahəsində mümkün əməkdaşlığın müvafiq kadrların hazırlanması, patentlərin rəsmiləşdirilməsi, vahid standartların tətbiqi kimi geniş əhatə dairəsinə malik olduğu diqqətə çatdırılıb.
Əqli mülkiyyət sahəsində əlaqələrin inkişafına töhfə verilməsi məqsədilə rəhbər və işçi səviyyədə təmasların davam etdirilməsinin, konfranslar, dəyirmi masalar kimi tədbirlər vasitəsilə bir araya gəlinərək həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərin müzakirəsinin əhəmiyyəti ifadə olunub.
Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən APİ ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri, qlobal patent müraciətləri sahəsində son meyllər, APİ-nin müvafiq strukturlarına seçkilər barədə fikir mübadiləsi aparılıb.