HƏMAS lideri çərşənbə axşamı Reuters agentliyinə bildirib ki, Qəzzaya ölümcül hücumlar davam edərkən və İsrailə raket zərbələri endirilən bir vaxtda Fələstin qrupu İsraillə atəşkəs razılaşmasına yaxındır.
“Əl Ərəbiyə” telekanalı xəbər verir ki, HƏMAS lideri İsmayıl Haniyənin köməkçisinin agentliyə göndərdiyi bəyanatda onların İsraillə "atəşkəs razılaşması əldə etməyə yaxın olduqları" və qrupun Qətər vasitəçilərinə müsbət cavabını çatdırdığı bildirilib.
HƏMAS rəsmisi İzzət əl Reşiq çərşənbə axşamı “Əl-Cəzirə” telekanalına bildirib ki, danışıqlarda Qəzza zolağına yardımın çatdırılması üçün müvəqqəti atəşkəs və girovlarla məhbusların mübadiləsi müzakirə olunub. O əlavə edib ki, atəşkəsin təfərrüatlarını Qətər rəsmiləri açıqlayacaq. Potensial müqavilənin şərtləri haqqında daha ətraflı məlumat verilməyib.
ABŞ Prezidenti Co Bayden də bazar ertəsi günü razılaşmanın yaxın olduğuna inandığını söyləyib. Ağ Evin sözçüsü Con Kirbi Qəzzada saxlanılan bəzi girovların azad edilməsinə və mühasirəyə alınmış anklavlara çox ehtiyac duyulan yardıma imkan verəcək döyüşlərdə fasilənin təmin edilməsinə yönəlmiş razılaşma haqqında deyib: "Biz indi əvvəlkindən daha yaxınıq" .