"Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var"
Bunu Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi "Tuttomercato" nəşrinə müsahibəsində deyib.
67 yaşlı mütəxəssis nəticə baxımından qeyri-adi işlərlə maksimuma çatdıqlarını bildirib: "Kifayət qədər gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşıram. Azərbaycan FIFA reytinqində 120-ci yerdə olan komandadır. Amma istənilən halda İsveç kimi yüksək reytinqli yığmanı 3:0 hesabı ilə məğlub etməyi bacardıq".
De Byazi işləməyə davam etmək istədiyini söyləyib: "Müqəddəs atəş hələ sönməyib. Hazırda Milad bayramının keçməsini gözləyirik. 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram".
Qeyd edək ki, Canni De Byazi bu gün Azərbaycan millisi ilə vidalaşıb.
**11:44
Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi ilə müqavilənin müddəti uzadılmayacaq.
Senzor.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.
Bu gün keçirilən fövqəladə iclasda italiyalı futbol mütəxəssisin hesabatını dinləyən komitə onun gələcək taleyini müzakirə edib. De Byazinin fəaliyyətini qənaətbəxş saymayan AFFA onunla müqaviləni uzatmamağa üstünlük verib.
Qeyd edək ki, De Byazi 2020-ci ilin iyulundan millimizi çalışdırırdı.
**11:00
AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilir.
“Report”un məlumatına görə, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.
İclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmaması məsələsi daxil edilib.
Canni De Byazi isə iclasda cəmi 10 dəqiqə iştirak edərək, oranı tərk edib.
Xatırladaq ki, bu, italyan məşqçinin ilk hörmətsizliyi deyil. Onun “aktivində” AFFA-nın iclasını da, mətbuat konfransını da tərk etmək, eləcə də oyundan sonra azərbaycanlı jurnalistlərə qarşı təhqiramiz sözlər işlətmək var.