Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.
Bu barədə Senzor.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, İƏT-in gələn il keçiriləcək Zirvə Görüşünə və digər yüksək səviyyəli tədbirlərə hazırlıq məsələləri və bu çərçivədə ölkəmizin planları, habelə bölgədə cari vəziyyət müzakirə olunub.
C.Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Baş katibin Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində təşkilatın Əmək Mərkəzinin Bakıda açılışının təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub.
Aparılacaq birgə işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.