Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşüb.
Bu barədə Senzor.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri, habelə növbədənkənar Prezident seçkiləri ilə bağlı məsələlər müzakirə edilib.
C.Bayramov Azərbaycanın ŞƏT üzvləri ilə mövcud əməkdaşlığının Təşkilat çərçivəsində ölkəmizin aktivliyini şərtləndirdiyini, habelə qarşılıqlı dialoqa töhfə verdiyini bildirib. Ölkəmizin ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə Təşkilatla faydalı əməkdaşlıq etdiyi bildirilib.
Azərbaycanın Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyi, bu istiqamətdə iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və s. sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə alaraq ekologiya sahəsində geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.
Nazir 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərinin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə keçirilməsinin, habelə işğaldan azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə öz doğma torpaqlarında seçki hüquqlarını həyata keçirməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Qarşı tərəf o cümlədən, hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaşlarımız üçün seçki prosesinin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.
Baş katib C.Min növbədənkənar Prezident seçkilərinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edərək seçkilərin təşkilində ölkəmizə uğurlar arzulayıb. Baş katib seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**16:22
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevi qəbul edib.
XİN-dən Senzor.az-a verilən xəbərə görə, görüş zamanı, MDB çərçivəsində gündəlikdə duran aktual məsələlər, əməkdaşlıq perspektivləri, habelə növbədənkənar Prezident seçkilərinin müşahidəsindən irəli gələn məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın MDB ölkələri ilə ikitərəfli, o cümlədən Birlik çərçivəsində çoxtərəfli əməkdaşlığı uğurla davam etdirdiyini bildirərək, Birliyə üzvlüyümüzün sosial, mədəni, humanitar sahələrdə münasibətlərin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Cari ilin 7 fevral tarixində baş tutacaq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı görülən işlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, sözügedən seçkilərin 30 ildən artıq müddətdən sonra ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. Seçkilərin təşkili ilə bağlı bütün hazırlıq işlərinin görüldüyü, eyni zamanda beynəlxalq müşahidəçilərin, habelə xarici media nümayəndələrinin seçkiləri müşahidə etməsi üçün lazımi tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ölkə xaricində yaşayan, habelə uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşlarımızın seçki hüquqlarını həyata keçirməsi məqsədilə aidiyyəti işlərin görüldüyünü, bu istiqamətdə 37 xarici ölkədə 49 seçki məntəqəsinin yaradıldığını bildirib.
Baş katib Sergey Lebedev, Azərbaycanda keçiriləcək seçkilərin müşahidəsində iştirakla bağlı dəvətə görə təşəkkür ifadə edərək, hazırlıq işlərinin peşəkarlıqla aparılmasının təqdirəlayiq olduğunu bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**14:29
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
XİN-dən Senzor.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və TDT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, ölkəmizdə keçiriləcək Prezident seçkilərinə hazırlıq işləri müzakirə olunub.
Ölkəmizin TDT çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, bağlantılar, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, Təşkilatın gücləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Bu istiqamətdə, son dövrlərdə üzv ölkələr arasında təmasların artmasının mövcud əməkdaşlıq imkanlarından səmərəli istifadə üçün şərait yaratdığı bildirilib.
Bu il Təşkilatın ölkəmiz daxil, üzv dövlətlərdə keçiriləcək yüksək səviyyəli tədbirlərinin təşkilatın daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin ölkəmiz üçün simvolik əhəmiyyət daşıdığını qeyd edib. Seçki prosesinin təşkili ilə bağlı XİN tərəfindən görülmüş hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, prosesin şəffaflığının müşahidəsi baxımından regional və beynəlxalq təşkilatların, o cümlədən TDT-nin müşahidəçi qismində aktiv iştirakının təqdirəlayiq olduğunu bildirib.
Baş katib Kubanıçbek Ömüralıyev, ölkəmizə növbəti səfərinin təşkil olunan tarixi növbədəkənar Prezident seçkiləri dövrünə təsadüf etməsindən məmnunluq duyduğunu, keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın inkişaf və rifahına xidmət edəcəyinə əmin olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikr mübadiləsi aparılıb.
**13:19
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TDT-nin baş katibi Kubaniçbek Ömüraliyevlə görüşüb.
Senzor.az xəbər verir ki, bunu baş katib "X" hesabında yazıb.
"Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşməkdən şərəf duyuram. Biz TDT-nin fəaliyyətini və Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyən Beynəlxalq Müşahidəçilər Missiyasına aid məsələləri müzakirə etdik",- o bildirib.