İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib ki, Tehran Qara dənizə Azərbaycandan çox, Ermənistan ərazisindən gedən yola üstünlük verir və guya Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır.
Senzor.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında xatırladıb ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi isə bundan təxminən iki il əvvəl həmkarından fərqli açıqlama verərək Hindistan, İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropanı əhatə edəcək yeni nəqliyyat dəhlizinin aktivləşməsi üçün gərəkən çalışmalar həyata keçirildiyini demişdi: “İndi İranın iki səfirindən hansı düzünü deyib?”.
Politoloq bildirib ki, İranın Ermənistandakı səfirinin “Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır” fikri onun beyin məhsulu deyil, Tehrandan ötürülüb: “Demək, İranın istəyinin hansı istiqamətlə bağlı olduğu aşkardır. Ancaq məsələ burasındadır ki, Ermənistan Azərbaycandan fərqli olaraq nəqliyyat dəhlizi üçün gərəkən infrastruktur formalaşdırmayıb, heç bu işə başlamayıb, maliyyəsi yoxdur. Bunu Ermənistanı tərifləyən İranın bu ölkədəki səfiri də etiraf etmək məcburiyyətində qalıb”.