Azərbaycanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov fevralın 14-də Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşdə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib.
Bu barədə Senzor.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də regional məsələlər müzakirə olunub.
Ermənistanın Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən son hərbi təxribatlarının son aylarda hökm sürən sabitliyə və ümumilikdə Azərbaycan-Ermənistan normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıdığı diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.
DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.