Türkiyə İrandan PKK terror təşkilatına silah tədarükünü dayandırmağı və silahlı qruplaşmalara qarşı Ankaranın hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib.
Bu barədə "Yeni Şafak" qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Ötən həftə Süleymaniyyədə (İraq) Türkiyə ilə İran nümayəndələri arasında görüş olub. Görüşdə Türkiyə Xarici İşlər Nazirliyinin və təhlükəsizlik qüvvələrinin əməkdaşları iştirak ediblər. İrandan PKK-ya silah tədarükünün dayandırılması tələb edilib və terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq təklif olunub”, - məlumatda qeyd edilib.
Bildirilib ki, fotofaktlar, eləcə də İranın sərhəd bölgəsində terrorçuları Türkiyə ərazisinə dəfələrlə köçürdüyünü təsdiq edən sənədlər təqdim edilib. Türkiyə tərəfi İrandan bu transferlərdən imtina etməyi tələb edib.
İran tərəfi öz növbəsində PKK-ya heç bir silah tədarükü etmədiklərini bəyan edib.