Pakistan bu ilin oktyabrında İslamabadda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclasına ev sahibliyi edəcək.
Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif təşkilatın Astanada keçirilən sammitində çıxışından sonra “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Pakistan təşkilat üzvlərini bu ilin oktyabrında İslamabadda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı Hökumət Başçıları Şurasının iclasında salamlamağı səbirsizliklə gözləyir”, - o bildirib.
Qeyd edək ki, çıxışı zamanı Baş nazir, Pakistanın ŞƏT-in nizamnaməsinə və prinsiplərinə möhkəm sadiqliyini bir daha təsdiqləyib. Təşkilatın genişlənməsinə və islahatına dəstək verdiyini bildirib. O, sosial-iqtisadi inkişaf, əlaqələrin genişləndirilməsi, sülh və təhlükəsizliyin qorunması, terrorizmlə mübarizə, iqlim dəyişikliyi ilə mübarizə, yoxsulluğun azaldılması və hər şeydən əvvəl suverenlik, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi üçün kollektiv fəaliyyətə çağırıb.
“Uzun müddətdir davam edən mübahisələrin BMT Təhlükəsizlik Şurasının qətnamələri vasitəsilə həllinə çağırıram. Biz Qəzzada, Əfqanıstanda sülh və sabitliyə çağırırıq”, - Baş nazir qeyd edib.(“Report”)