Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələri İsrail ordusunun bir sıra yaşayış məntəqələrindən geri çəkilmək çağırışına baxmayaraq, Livanın cənubunda fəaliyyət göstərir.
Bu barədə sülhməramlı qüvvələrin rəsmi nümayəndəsi Andrea Tenenti açıqlama verib.
“Sülhməramlılar bütün mövqelərdə qalırlar və BMT bayrağı dalğalanmağa davam edir. Bizim fövqəladə vəziyyət üçün fəaliyyət planımız var. Ehtiyac yaranarsa, bundan istifadə edəcəyik”, - Tenenti bildirib.
Senzor.az xatırladır ki, BMT-nin Livandakı müvəqqəti qüvvələri, 1978-ci il işğalından sonra İsrail qoşunlarının geri çəkilməsinə nəzarət etmək üçün çağırılmışdı. 2006-cı ildə İsrail ilə "Hizbullah" arasındakı müharibədən sonra missiya genişləndirildi və sülhməramlılar Livan qüvvələrinə onilliklər ərzində ilk dəfə ölkələrinin cənubuna nəzarəti təmin etməyə kömək göstərmək üçün Livan-İsrail sərhədi boyunca yerləşdilər.