
Ermənistan parlamentinin 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibəni araşdıran istintaq komissiyasının hesabatı açıq şəkildə müzakirə edilə bilməz.
Senzor.az bildirir ki, bunu parlamentin sədri Alen Simonyan deyib.
"Bütün deputatların hesabatla tanış olmaq imkanı var, lakin onun məxfi məlumatlar ehtiva etməsi səbəbindən plenar iclasın keçirilməsi mümkün deyil. Məxfi məlumatlara çıxışı olan hər bir deputat hesabatla tanış ola bilər", - o deyib.
Simonyan 44 günlük müharibə haqqında danışan müxalifətçi deputatları istintaq komissiyasının hesabatı ilə tanış olmağa çağırıb. O qeyd edib ki, bu hesabatla müxalifətdən olan yalnız bir neçə deputat tanış olub. "Siz bura gəlib bizi tənqid edir, müsahibələr, suallar verirsiniz, amma hesabatla tanış olmursunuz, indi isə deyirsiniz: gəlin bunu zalda müzakirə edək. Bunu məntiqsizlik hesab edirəm", - deyə o vurğulayıb.
Spiker hesabatın ictimai müzakirəsinin zəruriliyi barədə müxalifətin söhbətlərini spekulyasiya adlandırıb: "Təkrar edirəm, mən bu mövzuda spekulyasiyaları yersiz hesab edirəm. Parlamentin 107 deputatının hesabatla tanış olmasının vacibliyi reallıqdır. Hesabatın hazır olmasından altı ay keçib. Gedin, tanış olun".
A.Simonyan qarşıdakı seçkilərdən danışarkən ona da əmin olduğunu bildirib ki, “Daşnaksütyun” növbəti parlamentdə indiki kimi təmsil olunmayacaq: “Daşnaksütyun”un istədiyi formatda iştirak etməsi öz işidir. Amma mən əminəm ki, “Ermənistan” blokunun gələcək parlamentdə indiki kimi təmsilçiliyi olmayacaq. Düşünürəm ki, bəlkə kiçik tərkibdə təmsilçilik mümkün olar, minimal keçid səviyyəsini aşa bilərlər, o da yalnız ona görə ki, Seçki Qanununa əsasən partiya və bloklar üçün keçid səviyyəsi 1 faiz azaldılıb”.
Simonyan qeyd edib ki, “Daşnaksütyun” köhnə məntiqdə qalıb, amma artıq müharibə və qonşu ölkələrə qarşı ərazi iddialarından danışmaq mümkün deyil: “Gəlib xalqımıza təklif verib desinlər ki, “Gəlirlər, müharibəyə girəcəklər, fərqli diplomatiya aparacaqlar, Rusiya ilə başqa münasibətlər quracaqlar”. Xalq özü qərar verəcək. Amma mən hesab edirəm ki, xalq bunu rədd edib və edəcək”.