Xəbər verdiyimiz kimi, Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Ali Hərbi Şurasının iclasında ölkənin hərbi rəhbərliyindəki yeni təyinatlar açıqlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Dövlət başçısı Şuranın müvafiq qərarlarını imzalayıb.
Qərara əsasən, 2-ci Ordunun komandanı, ordu generalı Metin Gürakın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi ilə yanaşı, Quru Qoşunlarının komandanı postu general Səlcuq Bayraktaroğluna, Hərbi Hava Qüvvələrinə rəhbərlik isə general Ziya Cemal Kadıoğluna tapşırılıb.
Bundan əlavə, Ali Hərbi Şuranın qərarı ilə 32 general və admiralın rütbəsi artırılıb, 63 polkovnik general və admiral rütbələri alıb.
Ali Hərbi Şuradan verilən açıqlamaya görə, Türkiyə Silahlı Qüvvələrində general və admiralların sayı 266 nəfərdən 286 nəfərə yüksəlib.
Qeyd edək ki, Türkiyə Ali Hərbi Şurasının toplantısı Ankaradakı Prezident iqamətgahında mətbuata qapalı keçirilib və üç saata yaxın davam edib.
**18:26
Türkiyədə ilk dəfə olaraq qadın admiral təyin olunub.
Yerli KİV-in xəbərinə görə, müvafiq qərar ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi ALi Hərbi Şuranın (YAŞ) iclası zamanı qəbul edilib.
Qərara əsasən, Hərbi Dəniz Qüvvələri Komandanlığında qərargah polkovniki Gökçen Fırat admiral rütbəsinə yüksəldilib.
**17:49
Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.
“Report” xəbər verir ki, bu barədə qərar Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub.
Bu vəzifəyə ordu generalı Metin Gürak gətirilib. O, indiyədək İkinci Ordu Korpusunun komandanı olub.
Türkiyə Quru Qoşunlarının komandanı da dəyişib. Şuranın qərarına əsasən, Baş Qərargah rəisinin müavini, ordu generalı Səlçuq Bayraktaroğlu Quru Qoşunlarının komandanı təyin edilib.
Digər qərarla ordu generalı Ziya Camal Kadıoğlu Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə gətirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin əvvəlki Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər iyunun 3-də milli müdafiə naziri təyin olunub.
Həmin vaxtdan Baş Qərargah rəisi vəzifəsi boş idi.
**14:19
Türkiyə Ali Hərbi Şurasının (YAŞ) iclası keçirilir.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
İclasa ölkə başçısı Rəcəb Tayyib Ərdoğan sədrlik edir.