Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.
Senzor.az bildirir ki, məlumatı “Resmi Gazeta” yayıb.
Xatırladaq ki, 12 maddədən ibarət sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb.
Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıblar.
Saziş mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sazişin tətbiq edilməsi məqsədi ilə tərəflər Mədənçilik İşçi Qrupu yaradacaqlar. İşçi Qrupu hər iki tərəfdən təyin ediləcək bir nümayəndədən və onların köməkçilərindən ibarət olacaq.
Bu şəxslər iclaslarda müşavir və mütəxəssislərlə birlikdə iştirak edə biləcəklər.