Bu gün Gürcüstan altıncı prezidentini seçəcək. Seçki Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən parlament binasında keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu dəfə prezident ilk dəfə dolayı yolla, 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək.
Kollegiyaya bütün deputatlar daxildir.
Gürcüstan Konstitusiyasına və qanunvericiliyin tələblərinə əsasən, seçki kollegiyasında parlamentin, Abxaziya və Acarıstan Muxtar respublikalarının Ali sovetlərinin, habelə siyasi partiyalar tərəfindən irəli sürülmüş şəhər şuralarının üzvlərinin hamısı proporsional şəkildə təmsil olunmalıdır. Konstitusiyaya görə, namizəd birinci turda seçilmək üçün kollegiya üzvlərinin ən azı üçdə ikisinin səsini toplamalıdır. Prezidentliyə namizəd bu səsi toplaya bilməsə, ikinci tur keçiriləcək. Prezidentin andiçmə mərasimi dekabrın 29-da, seçki günündən sonra üçüncü bazar günü keçiriləcək. Dövlət başçısı bu vəzifəni 5 il müddətinə icra edəcək.
“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Gürcüstanın altıncı prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.
... Bu arada Gürcüstanda prezident seçkiləri ilə paralel olaraq parlament binası önündə etiraz aksiyası keçirilir.
Parlamentdə təhlükəsizlik səviyyəsi sarı zona olaraq təyin edilib, ziyarətçilərin binaya girişi məhdudlaşdırılıb.
Azadlıq meydanında xüsusi texnika yerləşdirilib.