Dekabrın 15-də səhər saatlarında Qroznıda bir neçə partlayış baş verib.
Rusdilli "Telegram" kanalları bildirirlər ki, Qroznıda ən azı beş partlayış qeydə alınıb.
Məlumata görə, şəhərə hücum edən Ukrayna dronunun hədəfi Çeçenistan Daxili İşlər Nazirliyi çevik polis (OMON) bazası və patrul xidmətinin 2-ci alayı olub. Belə ki, buradan Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün şəxsi heyət göndərilir.
Qeyd edək ki, bu, həftə ərzində Qroznıya üçüncü dron hücumudur. Çeçenistan rəhbəri Ramzan Kadırov dekabrın 12-də Qroznıda Ukraynaya məxsus pilotsuz uçuş aparatının vurulduğunu, onun qalıqlarının Axmat Kadırov adına xüsusi polis alayının ərazisinə düşdüyünü, 4 nəfərin yaralandığını bildirib. Daha əvvəl isə Daxili İşlər Nazirliyinin alayı pilotsuz uçuş aparatları ilə hücuma məruz qalmışdı.
Xatırladaq ki, Ukrayna PUA-ları ilk dəfə Çeçenistana oktyabrın 29-da hücum edib.
Son hücumdan görüntüləri təqdim edirik:
Rusiyanın Qroznı şəhərindəki OMON (polisin xüsusi məqsədli mobil bölməsi) bazasına təyyarə tipli dronlarla hücum olub.
Bu barədə UNIAN məlumat yayıb.
Həmçinin hücumun videosu yayılıb. Qeyd olunub ki, OMON-un bazası və ikinci alay hədəf alınıb.
Hücum və onun nəticələri barədə hələ ki rəsmi məlumat yoxdur.