
Rusiyanın 2015-ci ildə Suriyada tətbiq etdiyi taktikanı indi amerikalılar Cənubi Qafqaz regionunda Ermənistan üzərindən tətbiq etməyə çalışırlar: Paşinyan hökumətini “Rusiyanın dəstəklədiyi Azərbaycanın hücumundan qorumaq” adı altında onun çağırışyla hər an bölgəyə rəsmi şəkildə NATO silahlılarını gətirə bilərlər.
Onsuz da Ermənistan ərazisində “Avropa İttifaqının Müşahidə Missiyasının üzvləri” və “ABŞ səfirliyinin əməkdaşları” adı altında Qərbin qeyri-rəsmi silahlı birlikləri yerləşdirilib, sadəcə, rəsmi İrəvanın KTMT-dən hələ qopa bilməməsi, üstəlik həm Rusiyanın, həm də Azərbaycanın Paşinyanın təhrikçi davranışlarına olduqca dözümlü və təmkinli yanaşmaları prosesi ləngidir.
Əslində, 5 apreldə NATO mənzil-qərargahının yerləşdiyi Brüsseldə planlaşdırılan ABŞ-Avropa İttifaqı-Ermənistan formatında Blinken - Ursula fon der Leyen - Paşinyan görüşü də məhz regionda sülhün ertələnməsi və NATO silahlılarının Ermənistana yerləşdirilməsinin tezləşdirilməsi məqsədinə hesablanmış növbəti təhrikçi addımlardan biridir.
Diqqət yetirin: ötən ilin sentyabrında və oktyabrında ABŞ-da, ardınca da Avropa Parlamentində keçirilən dinləmələrdə açıq şəkildə bəyan edilirdi ki, ABŞ və Avropa İttifaqı Ermənistanı Rusiya, İran və Çinə qarşı özünün müttəfiqləri sırasında görür və bu səbəbdən Paşinyan hakimiyyətinin qorunması təmin edilməlidir! 
Ardınca da, Azərbaycan prezidentinin və xarici işlər nazirinin rəsmi təkziblərinə baxmayaraq, bütün Qərb mediasında bu təbliğat aparılırdı ki, Rusiyanın təhrikiylə Azərbaycan hücum edərək, “Zəngəzur dəhlizi”ni tutacaq. Eyni tezisi bugünlərdə Paşinyan işğal altındakı 8 kəndimizlə bağlı da təkrarlayır.
Hazırda bütün ABŞ və Avropa mediasında, eləcə də bizdəki satqın şəbəkənin əliylə Paşinyanın “Cənubi Qafqazda Rusiya və Putin əleyhinə mübarizə aparan əsas lider” imici yaradılır və ona açıq şəkildə hərbi-siyasi dəstəyin verilməsi ən mühüm vəzifələrdən biri kimi təşviq edilir...
Görünən odur ki, ABŞ-dakı seçkiöncəsi Ukraynaya son və həlledici zərbəsini vurmağa hazırlaşan Putinin diqqətini əsas hədəfindən yayındırmaq və qüvvələrinin təmərküzləşməsinin qarşısını almaq üçün Cənubi Qafqaz-Mərkəzi Asiya oxu üzrə ikinci cəbhənin açılması istiqamətində fəallığını artıran Qərb koalisiyasının bu iki dəhlizdə əsas müttəfiqi kimi Paşinyan hökuməti və İŞİD-Xorasan çıxış edir...
Böyük ehtimalla, Qərbin regionumuza bu pozucu müdaxilələrini önləmək üçün Rusiya da region ölkələri, xüsusən də Türkiyə, İran və Azərbaycanla birgə məsləhətləşmələrini artıracaq və təkbaşına hərəkətdən daha çox, ortaq hərəkət planının razılaşdırılmasına və icrasına daha çox üstünlük verəcək.
Çünki indi Qərbin hədəfində təkcə Rusiya yox, bütün Cənubi Qafqazdır. Qərb Ermənistana yerləşdisə, bundan ən çox zərər çəkən ölkələr də Rusiya, Türkiyə, İran və Azərbaycan olacaq.
