Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın həftələrdə Ukraynana səfər edəcək.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə liderinin sözçüsü İbrahim Kalın deyib.
Məlumata görə, səfər zamanı Ərdoğan həmkarı Volodimir Zelenski ilə danışıqlar aparacaq.
Onun sözlərinə görə, Ərdoğan Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün Putin və Zelenskini Türkiyəyə dəvət edib: "Türkiyə Rusiya Prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Vladimir Zelenski arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Prezident Ərdoğan hər iki lideri Türkiyəyə gələrək, aralarındakı problemləri və fikir ayrılıqlarını həll etmək üçün görüş keçirməyə dəvət edib. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün hər cür rol oynamağa hazırdır".
Bir az əvvəl Kreml Putin və Zelenskinin Türkiyəyə dəvətinə münasibət bildirib.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Kreml “Ukrayna məsələsini həll etmək üçün istənilən ölkənin səylərini dəstəkləyir”.
O xatırladıb ki, Moskva ilə Kiyev arasında əsas fikir ayrılıqları Ukrayna tərəfinin Minsk razılaşmalarının icrasını dayandırması ilə bağlıdır.
"Türkiyəli tərəfdaşlarımız ukraynalılara təsir göstərə və onları əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməyə təşviq edə bilsələr, bu, yalnız müsbət qarşılana bilər", - Peskov əlavə edib.