SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib edir.Senzor.az bildirir ki, şirkətin yaydığı məlumatda belə deyilir.
"Bu cür absurd iddialar heç SOCAR-ın miqyası ilə də uzlaşmır. SOCAR - Azərbaycanın qlobal brendidir, Türkiyədə ən böyük xarici investor, Azərbaycan və Gürcüstan kimi ölkələrdə ən böyük vergi ödəyicisi, Avropada əməliyyatları olan bir şirkətdir, Cənub Qaz Dəhlizi kimi nəhəng beynəlxalq layihələrin aparıcı gücüdür. Bizim hansısa vilayətdə olan bir bitum sexinə ehtiyacımız yoxdur. Ermənistanda isə ümumiyyətlə heç bir marağımız yoxdur", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, erməni KİV-lərində SOCAR-ın Ermənistanda bitum zavodu alması ilə bağlı xəbərlər yayılıb. “Hraparak” qəzeti bu gün öz mənbələrinə istinadən yazıb ki, SOCAR Ermənistanda bitum zavodunu almaq istəyir. Qəzet iddia edib ki, bu məsələ ilə bağlı Azərbaycanın ən böyük vergi ödəyicilərindən biri olan şirkət Gürcüstanın vasitəçiliyi ilə danışıqlar aparır.
Araratdakı zavod 2006-cı ildə işə düşüb, Ermənistandakı “məxməri inqilab”dan il yarım sonra isə fəaliyyətini dayandırıb. Yeni hökumət yol tikintisi zamanı əsasən İrandan xammal alıb və bitum zavodunun məhsullarına ehtiyac olmayıb. Hazırda burada cəmi bir neçə işçi qalıb, müəssisənin telefon nömrələrinə isə cavab verilmir. Buna görə də nəşr bu məsələ ilə bağlı rəsmi şərh ala bilməyib.