Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası yaxın illərdə fəaliyyətini dayandıra bilər. Senzor.az bildirir ki, bu barədə məşhur “Joğovurd” nəşri məlumat yayıb.
Məqalə müəllifi iddia edir ki, İrəvanın Türkiyə ilə münasibətləri yoluna qoymasından sonra sərhəddə hansısa əcnəbi hərbçilərin dayanmasına ehtiyac qalmayacaq. Belə olan halda isə gündəmə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılması gələ bilər.
"Joğovurd" onu da xatırladıb ki, 2010-cu ildə imzalanan məlum razılşamaya əsasən Ermənistan-Rusiya qoşunlarının birləşməsi haqqında saziş çərçivəsində rusların Gümrüdəki hərbi bazasının bölgədə 2049-cu ilə qədər qalmaq hüququ var.
“Biz Şirak qubernatoru Nazeli Bağdasaryanla bu məsələni müzakirə etməyə çalışdıq. Qubernator belə bir halın baş verməsi ehtimalının olub- olmaması ilə əlaqədar Müdafiə Nazirliyinə müraciət etməyi məsləhət gördü. Amma o da 2010-cu ildə imzalanmış həmin tarixi sənədi xatırlatdı”, - nəşr vurğulayıb.
Qeyd edək ki, Rusiyanın o zamankı prezidenti Dmitri Medvedevin imzaladığı protokola əsasən, sənəddə nəinki bazanın müddəti müəyyən edilib, həm də Rusiya tərəfi üzərinə İrəvanın hərbi təhlükəsizliyini birgə təmin etmək və Ermənistan silahlı qüvvələrinə müasir silahlarla dəstək vermək öhdəliyi götürüb.
Ermənistan hakimiyyətinin təmsilçiləri isə Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması ilə bağlı mətbuatda yayılan xəbəri absurd hesab edirlər.
Ermənistan Milli Məclisində hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan "Armenian News"a açıqlamasında Ermənistan və Rusiyanın strateji müttəfiqlər olduğunu xatırladıb:
“Hazırda Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələr vasitəsilə yeni dialoq başlayıb. Münasibətlərinin normallaşması çərçivəsində Rusiya hərbi bazasının çıxarılması ilə bağlı mətbuatda dərc olunanlar şayiələrdir. Belə şayiələr əsassızdır".
Öz növbəsində, digər deputat Vaan Ovakimyan qeyd edib ki, düzdür, hərbi bazanın yerləşdirilməsi ilə bağlı saziş 2049-cu ilə qədər qüvvədədir, amma o, tərəflər və ya tərəflərdən biri tərəfindən istənilən vaxt denonsasiya oluna bilər.
Xatırladaq ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.