
Türkiyənin "NADEZHDA" adlı Ro-Ro gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, hücum avqustun 3-də Samsundan Novorossiysk limanına təzə meyvə və tərəvəz daşıyan gəmi Novorossiyskdən 30 mil məsafədə olarkən yerli vaxtla saat 16:30-da qeydə alınıb.
Hadisə nəticəsində yaralanan dörd heyət üzvündən üçünün Türkiyə vətəndaşı olduğu bildirilir. Gəminin kapitanı Yalçın Şahin hücum zamanı 6-7 drondan istifadə edildiyini, gəmidə 13-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 22 heyət üzvünün olduğunu açıqlayıb.
Hücumdan sonra gəmidə baş verən yanğının qarşısını almaq üçün heyət özü müdaxilə edib.
"Bölgədə olan dronlar Rusiya donanmasının yardım üçün gəmiyə yaxınlaşmasını çətinləşdirib", - məlumatda bildirilib.
"TRT Haber"in bu arada yaydığı məlumata görə, gəmidəki dənizçilər Rusiyaya məxsus dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk Limanına təxliyə edilib: “İlkin məlumatlara görə, 3 heyət üzvünün vəziyyəti ağırdır. Gəmidə yanğın davam edir və bölgədə dron hücumu riskinin qalması səbəbindən xilasetmə əməliyyatı həyata keçirilə bilmir. Məsələ ilə bağlı proseslər izlənilir".