Sahibə Qafarova Türkmənistan Milli Qenqeşi Məclisində çıxış edib
FOTO

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində dekabrın 7-də bu ölkənin Milli Qenqeşi Məclisində çıxış edib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən senzor.az-a bildirilib ki, Sahibə Qafarova Milli Məclisin sədri olaraq Türkmənistana ilk rəsmi səfərinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. Əsrlər boyu sülh şəraitində yaşamış xalqlarımızı ortaq tarix, mədəniyyət, dil və din birləşdirir. Son illərdə dövlət başçılarımızın qətiyyəti sayəsində siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələri əhatə edən ikitərəfli əlaqələrimiz daha da genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

 

Bu gün ölkələrimizdə bir sıra sahələr üzrə görülən işlər, həyata keçirilən layihələr nəinki ikitərəfli əlaqələrimizin güclənməsinə töhfə verir, eyni zamanda regionumuzda və daha geniş məkanda sabitliyə, rifaha, davamlı inkişafa və əməkdaşlığa xidmət edir.

 

Ölkələrimiz təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. 

 

Milli Məclisin sədri fürsətdən istifadə edərək, bir neçə gündən sonra qeyd olunacaq Türkmənistanın neytrallığının beynəlxalq aləmdə tanınmasının növbəti ildönümü münasibətilə qardaş Türkmənistan xalqını təbrik edib. O bildirib ki, BMT-nin Türkmənistanın neytrallığını tanıyan qətnaməsinə Azərbaycan da həmmüəllif kimi qoşulub. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın neytrallıq statusunun əhəmiyyətini qeyd edərək, Türkmənistanın müstəqil xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazandığını vurğulayıb. 

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qardaş ölkələrimiz arasındakı münasibətlərin bugünkü səviyyəsi xalqlarımızın təmsilçiləri olaraq,  parlament üzvlərini də mövcud əlaqələrimizi daha da genişləndirməyə təşviq edir. Bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşləri, dostluq qruplarımızın birgə fəaliyyəti insanlarımız arasında əlaqələrin güclənməsinə və ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə töhfə verir. Bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşinin Xalq Məsləhəti arasında imzalayacağımız əməkdaşlıq haqqında Memorandum da məhz bu məqsədə xidmət edir.

 

Milli Məclisin sədri bildirib ki, parlament diplomatiyasının əhəmiyyətinin artdığı indiki dövrdə beynəlxalq parlament təşkilatları çərçivəsində işbirliyi də xüsusi aktuallıq qazanır. Parlament nümayəndə heyətlərimiz Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, ATƏT Parlament Assambleyası kimi beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ötən ilin noyabrında Madrid şəhərində yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlamentlərimiz arasında çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətli platformadır.

 

Azərbaycan parlamentinin rəhbəri iclas iştirakçılarına Azərbaycanın bugünkü reallıqları barədə də məlumat verib. 

 

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edərək öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını özü təmin edib.

 

Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanılıb.

 

Həyata keçirilən işlərə ən böyük maneə işğaldan azad edilmiş torpaqlarda Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 10 noyabr 2020-ci il tarixindən etibarən, mina partlayışları nəticəsində 270-ə yaxın azərbaycanlı həlak olub və yaralanıb. Ermənistan işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməkdən hələ də boyun qaçırır, üstəlik ərazilərimizdə mina basdırmaqda davam edir.

 

İşğal qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün səylər göstərir. Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılmasını və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişini imzalamasını təklif edib. Təəssüf ki, Ermənistan hələ də öz destruktiv addımları və ziddiyyətli bəyanatları ilə bu prosesə əngəl törədir və üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Ermənistan indiyə kimi öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb və Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməkdən imtina edir. Halbuki Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsinə çevriləcək Zəngəzur dəhlizi bütün regiona fayda gətirəcək.

 

Ermənistan bu cür davranışlardan çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

 

Çıxışının sonunda Milli Məclisin sədri bir daha Azərbaycan-Türkmənistan əlaqələrinə toxunaraq bildirib ki, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, gündən-günə genişlənən əməkdaşlıq əlaqələri bizləri olduqca məmnun edir. 

 

Çıxışına yekun vuran Azərbaycan parlamentinin rəhbəri Türkmənistana sülh, firavanlıq və tərəqqi arzularını çatdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.