
Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariyaya qarşı cinayət işi açılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze brifinqdə məlumat verib.
Onun sözlərinə görə, iş 2019-cu ilin 20-21 iyun hadisələri və işğal xətti yaxınlığında yerləşən Çorçana kəndində polis postunun yaradılması ilə əlaqəlidir.
Qeyd edək ki, Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə isə Baş naziri olub. O, hazırda uzunmüddətli viza əsasında Almaniyada yaşayır.
Xatırladaq ki, Qaxariyanın daxili işlər naziri olduğu dövrdə 2019-cu ilin iyunun 20-də Tbilisidə parlament binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası gözyaşardıcı qaz və rezin güllələrin istifadəsi ilə dağıdılıb, nəticədə 38-i jurnalist olmaqla 240 nəfər xəsarət alıb.