Əfqanıstanda vizaların rəsmi proseduralardan yan keçməklə tərtib olunması praktikası geniş yayılmaqdadır. Məsələn, Türkiyə vizası “qara bazar”da 5 min dollara satılır.
Məlumatı “Tolo News” telekanalı yayıb.
Bildirilib ki, vizaların “qara bazar”ının yaranması “Taliban” hərəkatının ölkədə hakimiyyəti zəbt etməsindən sonra bir çox ölkələrin Kabildəki səfirliklərini bağlaması və Əfqanıstandan getmək istəyənlərin sayının artması ilə əlaqədardır.
Kabil sakinlərinin sözlərinə görə, hazırda yalnız Pakistan vizalarını leqal şəkildə almaq olar. Lakin onlar da, bir sıra digər ölkələrə vizalar da “qara bazar”da artırılmış qiymətə satılır.
Kabildəki turizm firmalarından birinin direktoru telekanala deyib ki, Tacikistana vizanın rəsmi qiyməti 60 ABŞ dolları təşkil edir, lakin onu “qara bazar”da 350-400 dollara satırlar. Yaxud real qiyməti 120 dollar olan Türkiyə vizası 5 min dollara başa gəlir. Özbəkistana vizanı isə 1350 dollara almaq olar.
Sadə əfqanlar və turizm firmalarının əməkdaşları vizaların “qara bazar”ını aradan qaldırmaq üçün xarici dövlətləri öz səfirliklərini açmağa çağırırlar.