
Rusiya Prezidenti Vladimir Putin dövlət başçısı kimi ilk dəfə Kuril adalarına səfər edib və arxipelaqın ən böyük adası İturupda olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, buna qədər Rusiya dövlətinin və hökumətinin rəhbərləri Kuril adalarına cəmi beş dəfə səfər ediblər. Dmitri Medvedev bu bölgəyə dörd dəfə gəlib: 2010-cu ildə Rusiya Prezidenti kimi, 2012, 2015 və 2019-cu illərdə isə hökumət başçısı olaraq. 2021-ci ildə isə Rusiyanın Baş naziri Mixail Mişustin İturup adasını ziyarət edib. Qeyd olunub ki, Putin Kuril adalarına gəlməklə Sibir və Uzaq Şərq üzrə işgüzar turunu davam etdirib.
Prezident proqramının ilk dayanacağı kimi İturupdakı balıq emalı kompleksinə baş çəkib, yerli sakinlərlə görüşüb və xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Rusiya liderinin Kurilin tərkibinə daxil olan İturup adasına səfəri barədə xəbərlər qısa müddət ərzində Yaponiyada "X" sosial şəbəkəsinin yerli seqmentində trendlərin zirvəsinə yüksəlib. TASS müxbirinin hesablamalarına görə, sosial şəbəkə istifadəçiləri ilk yarım saat ərzində bu mövzuda 2 mindən çox paylaşım edərək onu müzakirə liderinə çeviriblər.
İstifadəçilər ölkənin bütün aparıcı kütləvi informasiya vasitələri tərəfindən yayımlanan bu xəbəri fəal şəkildə paylaşır, yazıları tənqidi və bəzən də qəzəbli şərhlərlə müşayiət edirlər.
Yaponiya Xarici İşlər Nazirliyi (XİN) isə Rusiya Prezidentinin Cənubi Kuril adaları qrupuna daxil olan İturupa səfəri ilə bağlı bəyanat yayıb.
“Bu gün biz Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri barədə xəbər aldıq. Yaponiya bu səfərlə bağlı qətiyyətli etirazını bildirir”, - bəyanatda deyilir.
Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya və Sovet İttifaqı arasında mübahisəli Cənubi Kuril adaları ilə bağlı sülh müqaviləsi imzalanmayıb. Rusiya 2022-ci ildə Yaponiyanın Ukrayna müharibəsi səbəbindən sanksiyalar tətbiq etməsi ilə əlaqədar olaraq bu məsələ üzrə danışıqları davam etdirməkdən imtina edib. Moskva həmçinin Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətin qurulmasına dair dialoqdan da çıxdığını elan edib. Yaponiya Cənubi Kuril adaları qrupuna daxil olan 4 adanı özünün tarixi və hüquqi baxımdan “şimal əraziləri” adlandırır.