ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Frenk Makkenzi iddia edib ki, Birləşmiş Ştatlar aviasiyasının Əfqanıstanın paytaxtı Kabilə bir müddət əvvəl 10 dinc sakinin həyatına son qoymuş hava zərbəsi kəşfiyyat orqanlarının təcili məlumatı əsasında endirilib.
“Report” xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) də öz növbəsində ordunun ərazidə dinc sakinlərin olması barədə xəbərdar olunduğunu iddia edib.
Frenk Makkenzinin sözlərinə görə, avqustun 29-da ABŞ-ın Hərbi Hava Qüvvələri Əfqanıstanın paytaxtında humanitar təşkilatın əməkdaşının avtomobilinə zərbə endirib, nəticədə 10 dinc sakin, həmçinin 7 uşaq həlak olub. General Amerika kəşfiyyatını dolayısı ilə tənqid edib.
MKİ-yə yaxın mənbələr CNN-ə bildiriblər ki, ABŞ ordusuna “Hellfire” raketi ilə həyata keçirilmiş hava zərbəsindən az əvvəl bu ərazidə dinc sakinlərin olması barədə məlumat verilib. Vurğulanır ki, MKİ hərbçilərə hücum zonasında mülki şəxslərin, avtomobildə isə uşaqların olması haqqında xəbərdarlıq göndərib.
CNN kəşfiyyat mənbələrindən sızan bu informasiyadan sonra diqqəti Makkenzinin açıqlamasına yönəldib. General bildirib ki, ordunun hücumundan əvvəlki 48 saat ərzində məxfi kəşfiyyat məlumatları alıb. Məlumatlarda bildirilib ki, evdə İŞİD döyüşçüləri var və bu rayonda hücumlar təşkil edilə bilər.