
Beynəlxalq koalisiya İraqdakı bütün hərbi bazalarını və qərargahlarını ölkə hakimiyyətinə təhvil vermə prosesini başa çatdırıb.
Bunu İraq Təhlükəsizlik Qüvvələrinin media idarəsinin rəhbəri general Səad Maan “Al Jazeera” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İraq Silahlı Qüvvələri təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır və beynəlxalq koalisiya qüvvələrinin çıxarılmasından sonra vəziyyəti idarə etmək iqtidarındadır. Maan həmçinin əlavə edib ki, koalisiya ölkələri ilə münasibətlər ikitərəfli xarakter daşıyacaq.
“Al Hadath” telekanalı bundan əvvəl mənbələrə istinadla məlumat vermişdi ki, İraqın muxtar kürd regionunda yerləşən ABŞ qüvvələri beynəlxalq koalisiya qoşunlarının İraq ərazisindən tam çıxarılmasından öncə hava hücumundan müdafiə sistemlərinin sökülməsinə başlayıb.
“Teleqraf” xatırladır ki, yanvarın sonunda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın muxtar kürd bölgəsi istisna olmaqla, İraq ərazisindəki bazalardan bütün bölmələrini və hərbi məsləhətçilərini çıxardığı elan edilmişdi. İyulun 9-da İraqın Baş naziri Əli əl-Zeydi beynəlxalq koalisiya kontingentinin İraq ərazisindəki missiyasını sentyabrın 30-da başa çatdıracağını açıqlamışdı. İyulun ortalarında isə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda əl-Zeydi ilə görüşündə artıq İraqda Amerika qoşunlarına ehtiyac olmadığını söyləmişdi.