
Bir neçə il əvvəl Milli Məclisdə müzakirə olunan "Reproduktiv sağlamlıq"la bağlı qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Daşıyıcı analıq, süni mayalanma və digər məsələləri əhatə edən layihəyə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də etiraz etmişdi.
Hazırda isə reproduktiv sağlamlıq məsələlərini tənzimləyən qanunvericilik təşəbbüsü yenidən gündəmə gəlib. Maraqlıdır, QMİ necə, əvvəlki aktual mövqeyində qalırmı?
Modern.az bu və digər suallarla Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib.
QMİ-dən bildirilib ki, əvvəlki qanun layihəsi ilə bağlı ifadə olunan mövqe qüvvədə qalır və bu məsələlərə münasibətdə dəyişiklik yoxdur.
“O vaxt nə bildirilibsə, onların hamısı gündəmdədir. Şəriət baxımından hansısa məsələlər olubsa, biz onları bildirmişik. Onlar dəyişməyən, imanent dəyərlərdir. Münasibət də o baxımdan dəyişmir”, – deyə İdarədən bildirilib.
QMİ-dən qeyd edilib ki, hazırda yeni qanun layihəsi idarəyə daxil olmayıb. Buna görə də sənəddə əvvəlki iradların nəzərə alınıb-alınmadığı barədə fikir bildirmək mümkün deyil.
İdarədən süni mayalanma və daşıyıcı ana məsələləri ilə bağlı mövqenin dəyişmədiyi da vurğulanıb: “Onunla bağlı biz artıq münasibətimizi formalaşdırmışıq. O münasibət dəyişməyəcək. Çünki o, şəriət baxımından əsaslandırılmış fikirdir”.