Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatlarının “GOV.AZ” zonasında təhlükəsizliyi daha da gücləndiriləcək.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatları “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il 189 saylı Qərarına uyğun audit yoxlamalarından keçirildikdən sonra “GOV.AZ” domenləri ilə təmin edilməklə Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il 654 saylı Fərmanına uyğun olaraq mühafizəsi təmin olunacaq.
Bununla əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları 6-8 dekabr 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması, eləcə də yeni qurulmaqda olan ASAN Xidmət mərkəzinə dövlət xidmətlərinin təhlükəsiz çatdırılması məsələləri ilə bağlı Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanması və mühafizəsi vəziyyətinə, baxış keçirilmiş, kibertəhlükəsizliyi, onların dövlət domen zonasında yerləşdirilməsi, təhlükəsizlik auditi, qorunması, məlumat mübadilə sistemlərinin tərkib hissəsi kimi mühafizəsinin təşkil edilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə müxtəlif səviyyələrdə görüşlər keçirilmiş, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sahə üzrə mütəxəssisləri üçün təlimlər keçirilmiş və Nazirliyin kibergigiyena layihəsinə qoşulması razılaşdırılmışdır. Səfər zamanı “AzstateNet” internet, voice və data şəbəkəsinin dövlət qurumlarında təmin edilməsi imkanlarının araşdırılması məqsədi ilə dövlət qurumlarının şəbəkələşmə vəziyyəti Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə yerində qiymətləndirilib.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə keçirilmiş görüş zamanı Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatlarında audit yoxlamaları nəticəsində tərəfimizdən aşkarlanıb və 2021-ci ilin noyabr ayında təqdim olunmuş çoxsaylı kritik təhlükəsizlik boşluqları və onların aradan qaldırılması yolları Nazirlik ilə birgə müzakirə olunub, təhlükəsizlik yenilənmələri dayanmış və çoxsaylı boşluqlar aşkarlanmış köhnə versiyalı 111 dövlət informasiya ehtiyatının 11-inin hazırda Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən yeniləndiyi bildirilib.
Yenilənmiş 11 informasiya resursunun təhlükəsizlik auditləri üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə təqdim edilməsi və “GOV.AZ” domen zonasına köçürülməsinin planlı olaraq cari ilin sonuna qədər həyata keçirilməsi razılaşdırılmışdır. Digər resursların yenilənərək təhlükəsizlik tələblərinə uyğunlaşdırıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi işlərinin növbəti ilin birinci yarımilində tamamlanması planlanır.