“Podratçı şirkətlərin qaz sayğacını quraşdırmağa görə vətəndaşlardan pul tələb etməsi qanunsuzdur”.
Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələri şöbəsinin müdiri Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində QHT və mətbuat nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, “Azəriqaz” əhali kateqoriyasından olan abonentlərə sayğacları ödənişsiz təqdim edir:
“Belə neqativ vəziyyət vətəndaşların hüquqlarını bilməməsindən irəli gəlir. "Azəriqaz" İB bəyan edir ki, istehlakçılara satılan qazın qiymətindən başqa heç bir xidmətə görə ödəniş almır. Podratçılar abonentlərdən sayğaclara görə, ödəniş tələb edirlərsə, rəsmi sənəd tələb etsinlər. Rəhbərlik tərəfindən artıq qərar verilib. Sayğacların üzərinə "sayğaclar ödənişsizdir" etiketi yapışdırılacaq. Vətəndaşları hansısa şirkətlərin bu cür tələblərinə inanmamağa çağırırıq”.