"Bu gün işğaldan azad olunmuş ərazilərdə 700-800 tarixi mədəniyyət abidəsi qeydiyyata alınıb və proses davam etdirilir. Onların bərpasına da ciddi ehtiyac var".
Bunu Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib. Onun sözlərinə görə, həmin abidələrə mütəmadi şəkildə investisiya ayrılır: "Bu gün 6308 tarixi mədəni abidəmizin 4000-ə yaxını məhz nazirliyin nəzarətindədir".
Adil Kərimli əlavə edib ki, ucqar kəndlərdə kitabxanaların və orada 20 min kitab fondunun olduğu deyilir: "Amma baxırsan ki, heç 2 min kitab yoxdur. Kənddə yaşayan əhalinin həmin kitabları oxuyub-oxumaması sualına cavab tapmaq lazımdır. Rayonlarda, ucqar kəndlərdə 7 minə yaxın mədəniyyət müəssisəsi var. Mədəniyyət müəssisələrində çalışan və büdcədən əmək haqqı alan 30 min işçinin hamısı yerlərdədir".
12:26
“Mədəniyyət Nazirliyi “Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” sənədi hazırlamaqdadır. Sənədin məzmunundan irəli gələrək dövlət planı işləniləcək”.
Senzor.az xəbər verir ki, bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli parlamentdə “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, burada qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdiriləcək: “Mədəniyyət sahəsində fəaliyyətin yeni məzmunu müəyyən edilməlidir. Artıq mədəniyyət sahəsinə aid olan prioritetlər müəyyən edilməkdədir”.
A.Kərimli qeyd edib ki, mədəniyyət sahəsindəki boşluqların, nizamsız və sistemsiz fəaliyyətin qarşısının alınması üçün ciddi instutisional islahatlar labüddür.
"Bu sahədəki problemləri şəxsən görüb, ona toxunub hiss etmədən təbii ki, nöqsanların doğru-düzgün müəyyən etmək, onların həlli üçün təkliflər hazırlamaq qeyri-mümkündür”.