Dünən Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisində - Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində insan tələfatı ilə nəticələnən mina partlayışının baş verdiyi əraziyə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, jurnalistlərə hadisənin baş verdiyi ərazinin əvvəllər qoşunların təmas xətti olduğu bildirilib.
Diqqətə çatdırılıb ki, ANAMA əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıbmış. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Partlayış zamanı avtomobil yoldan kənara düşüb. Partlayan minanın tank əleyhinə “TM62 PM” markalı mina olduğu qeyd edilib.
Bildirilib ki, hadisə zamanı həlak olan hər üç şəxs ANAMA-nın dronla minaaxtarma komandasının üzvü olub.