Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda olublar.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma meydanda görüləcək işlər barədə məlumat verilib.
**
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.
Diqqətə çatdırılıb ki, 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.
Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilib. Malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bərkitmə işləri aparılıb. Evin döşəmə daşlarının dağılmış yerləri, pilləkəni yenidən qurulub, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilib. Məscidin “Güldəstə”si restavrasiya olunub.
Qeyd olundu ki, yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib.
Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb.
Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxivi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə edilib.
Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilirdi. Otaqda milliliyi nümayiş etdirən elementlər də var idi. İnteryerdə dövrün fotoçərçivələrinə salınmış məlumat və portretlər asılıb. İnteryer təəssüratını pozmamaq üçün foto və məlumatların çərçivələri dövrə uyğun tərtib edilib. Fotolar Şuşanın tanınmış zadəgan nəsilləri – Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir.
Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib. Burada ziyarətçi özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur.
Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.
Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri, mədəni-dini abidələrimizin bərpası davam edir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub.
Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilib. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir.
Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir.
**
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.
Senzor.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvab Qarabağinin Şuşa şəhərindəki məzarı və qəbirüstü abidəsi bərpa olunub.
Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Heydər Əliyev Fondu bu ilin mart ayından ərazidə müvafiq işlərə başlayıb və qəbirüstü abidə bərpa olunub.
Prezident İlham Əliyev Mir Möhsün Nəvvab Qarabağinin məzarı üzərinə gül dəstəsi qoydu.
Qeyd edək ki, bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işləri alim və şairin xatirəsinə ehtiram, eləcə də mədəniyyətimizin qorunub saxlanılması istiqamətində görülən işlərə daha bir töhfədir.
Xatırladaq ki, Mir Möhsün Nəvvab Qarabaği 1833-cü ildə Şuşada anadan olub, orada yaşayıb-yaradıb və 1918-ci ildə vəfat edib.
**
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib.
Senzor.az xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, Molla Pənah Vaqif küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir.
Pənahəli xan küçəsinin uzunluğu 864 metr, eni isə yol yatağına uyğun olaraq 10-13 metr təşkil edəcək.
Qeyd edildi ki, küçələr müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri infrastruktur yaradılacaq.
**
Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub.
Senzor.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır. Qeyd edildi ki, ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.
Sonra dövlətimizin başçısı Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoydu.
Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən Qarabağ küçəsinin abadlaşdırılması ilə bağlı ilkin vəsait ayrılıb. Abadlıq və infrastruktur işləri binaların inşası prosesi ilə paralel aparılır. Görülən işlərin bir qismi Prezident İlham Əliyevin tapşırığı ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq “Qarabağ” adını verib. Gövhər Ağa məscidi, “Qarabağ” oteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqətdə saxlanılır.
Şuşalı keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə doğma şəhərlərinə qayıdışından sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada əsasən yerli sakinlərin işə götürülməsi nəzərdə tutulur. Bu baxımdan əhalinin məşğulluğunun təmin olunması istiqamətində də fasiləsiz iş aparılır, siyahılar dəqiqləşdirilir. Şuşada fəaliyyət göstərmək məqsədilə qeydiyyatdan keçən şirkətlər tərəfindən yerli sakinlər üçün təşkil olunan üç əmək yarmarkasında 200-dək şuşalı gənc siyahıya alınıb. Hazırda onlar üçün treninqlər təşkil olunur.
**13:00
Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.
Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verdi.
Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.
Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını etdi.
**
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib.
Senzor.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində (EŞİTM) müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi, avtomatika sistemləri və 0,4 kV şəbəkələrini də əhatə edən SCADA dispetçer idarəetmə sistemi quraşdırılıb.
Mərkəzin ərazisində elektromobillərin enerji ilə doldurulmaları üçün müvafiq qurğular yerləşdirilib. Burada, həmçinin günəş enerjisi ilə çalışan panellər quraşdırılıb. Həmin panellər vasitəsilə əldə olunan enerjinin bir hissəsi yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilməsi və elektromobil enerji doldurma cihazları üçün istifadə olunur. Qalan enerji isə avtomatik rejimdə şəbəkəyə ötürülür.
Şuşa şəhərinin ənənəvi elektrik təchizat şəbəkəsi rəqəmsal xəritə sisteminə köçürülərək planlama və ölçmə işlərinin aparılması təmin ediləcək. Şəhərin estetik görünüşünə xələl gətirən əvvəlki 48 Komplekt Transformator Məntəqəsi (KTM) əvəzinə müasir güc kabelləri ilə 35/0,4 kV-luq 9 transformator yarımstansiyası vasitəsilə dairəvi təchizat sxeminin qurulması həyata keçirilməkdədir. Bütün bunların nəticəsində kənar fiziki müdaxilələr və ətraf mühitin təsiri aradan qaldırılmış olur, ekoloji tələblər yerinə yetirilir, meşə zolaqları və canlı orqanizmlərin yanğın təhlükəsizliyi ilə bağlı risklər aradan qaldırılır. Bundan başqa, enerji itkiləri 3-3,5 faizədək azaldılır, işçi qüvvəsi, mal-material və istismar xərclərinə 60 faizədək qənaət olunur, enerji təchizatının keyfiyyət parametrləri yaxşılaşdırılır, texniki təhlükəsizlik qaydaları tam təmin edilir.
Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılan dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib, Nöqtə Buludu texnologiyasından istifadə edilməklə ərazinin virtual xəritəsi hazırlanıb, əraziyə getmədən sahədə ölçmə və layihələndirmə işlərinin yerinə yetirilməsi, görüləcək işlərin əvvəlcədən planlaşdırılaraq vaxta qənaət edilməsi, həyata keçirilən işlərin monitorinqinin və qiymətləndirilməsinin aparılması təmin olunacaq. Bundan əlavə, Şuşa şəhərinin və Mərkəzin Virtual Tur modeli hazırlanıb ki, bununla da cihaz və avadanlıqların, habelə şəbəkə aktivlərinin məsafədən əyani şəkildə təlim-tədrisinin təşkili mümkün olacaq.
Bildirildi ki, beynəlxalq təcrübədə istifadəsi və iqtisadi-texnoloji üstünlükləri nəzərə alınaraq Şuşa şəhərinin Rəqəmsal Əkiz modeli hazırlanıb, bu da EŞİTM-in təsnifat modelinə daxildir. Belə ki, burada quraşdırılan xüsusi monitorlar vasitəsilə Rəqəmsal İdarəetmə Mərkəzinin, rəqəmsal yarımstansiyanın, 3D mobil xəritə və Rəqəmsal Əkiz modelin, Kompozit dayaqların, optik lifli güc kabelləri ilə qurulan 35/0,4 kV şəbəkə modelinin, Yeni Yaşma Külək Enerji Stansiyasının, mikro-fotovoltaik stansiyaların, elektron xidmətlərin, SCADA sisteminin, bərpaolunan enerji mənbələrinin, qabaqcıl ölçmə infrastrukturun, Şəbəkələrin Dron Monitorinq Sisteminin, müasir 0,4 kV-luq Dispetçer və Smart Sayğac oxuma sistemlərinin interaktiv rejimdə izlənməsinə imkan yaranacaq.
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzini işə saldı.
Mərkəzdə təhlükəsizliyin təmin edilməsi və qəzaların aradan qaldırılması məqsədilə qapalı paylayıcı quruluşla digər yarımstansiyalar arasında əlaqələr, eləcə də yarımstansiyadan çıxan elektrik verilişi xətləri yeraltı kabellər vasitəsilə həyata keçirilir.
Burada növbətçi heyət üçün lazımi iş şəraiti, müvafiq xidmət otaqları yaradılıb, ərazidə geniş abadlıq işləri görülüb.
**11:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər.
Senzor.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib.
Dövlətimizin başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoyub, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışını edib.
Azərbaycan Prezidenti Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda həyata keçiriləcək işlər barədə məlumat verilib.