Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Qoruğun, Ağsu rayon Heydər Əliyev Mərkəzinin və Ağsu Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində Ümummilli Liderin 100 illiyinə həsr olunan "Breyn-rinq” intellektual yarışması keçirilib.
Senzor.az bildirir ki, tədbirdə Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə və Mərkəzin əməkdaşları, Ağsu Tədris Mərkəzinin direktoru Güvənc Mirzəxanov, Azərbaycan dili və ədədiyyat müəllimi Aytən Musayeva, Ağsu rayonu Natiq Mirzəliyev adına Ağarx kənd tam orta məktəbin direktor müavini Rəşid Mövlamov, Aslan Nadirov adına Ağsu şəhər 1 saylı məktəb-liseyin direktoru Sənan Nemətov, Ağsu şəhər Soltan Umbayev adına şəhər 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Günay Mustafayeva, Ağsu şəhər 3 saylı tam orta məktəbin coğrafiya müəllimi Eldəniz Cəlilov, Ağsu Tədris Mərkəzinin Ağsu şəhər 4 saylı tam orta məktəbin riyaziyyat və informatika müəllimi Xoşbəxt Təhməzova və tarix müəllimi Ayşən Şeydayeva, məktəblərin 8-ci, 9-cu və 10-cu sinif şagirdləri və Ağu Qoruğunun əməkdaşları iştirak ediblər.
Yarışmada hər birində 6 nəfər olmaqla, 6 komanda - “Zəka”, “Zəfər”, “Yüksəliş”, “Günəş”, “İntellekt” və “Everest” komandaları öz biliyini sınayıb və qələbə uğrunda gərgin intellektual mübarizə aparıblar.
"Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova iştirakçıları salamlayaraq, Ulu Öndər Heydər Əliyevin daima mədəniyyətimizin, ədəbiyyatımızın, milli dəyərlərimizin inkişafı üçün danılmaz xidmətlərini qeyd edib. O, Ağsu rayon Heydər Əliyev Mərkəzinin, Ağsu Tədris Mərkəzinin rəhbərliyinə, yarışmada iştirak edən məktəblərin direktor və müəllim kollektivinə təşəkkürünü bildirib.
Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə və Ağsu Tədris Mərkəzinin direktoru Güvənc Mirzəxanov çıxışlarında mədəniyyət sahələrimizin hər birinin Heydər Əliyevin çox dəyərli ideyalarından bəhrələndiyini və inkişaf yolu keçdiyini qeyd edərək mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə məhz onun sayəsində tanındığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.
Ekskursiyaçı, yarışmanın moderatoru Xoşqədəm Əkbərova iştirakçılara "Breyn rinq" intellektual yarışmasının qaydalarını izah edib və birinciliyə start verilib.
Qeyd olunub ki, intellektual yarışmanın əsas məqsədi Ulu öndər Heydər Əliyev irsini təbliğ etmək, iştirakçıların dünyagörüşünün, zehni inkişafının yüksəldilməsinə şərait yaratmaq, onlara komanda şəklində işləmək bacarıqlarını aşılamaq və sağlam rəqabət hissini formalaşdırmaqdan ibarətdir.
Maraqlı mübarizə şəraitində keçən “Breyn rinq” intellektual yarışmasında I yeri Ağsu şəhər Soltan Umbayev adına şəhər 2 saylı tam orta məktəbin "Zəka" komandası, II yeri Ağsu Tədris Mərkəzinin "Everest" komandası, III yeri isə Ağsu rayonu Natiq Mirzəliyev adına Ağarx kənd tam orta məktəbin “İntellekt" komandası qazanıb. Yarışma qaliblərinə təşkilatçılar tərəfindən kubok, fəxri fərman, medal və diplomlar təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.