Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus qəzaya uğrayıb.
Senzor.az bildirir ki, "QAZel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində Zəhmətabad kəndinin kartof sahəsindən qayıdan sakinləri - 1974-cü il təvəllüdlü Gülnar Həbibova, 1970-ci il təvəllüdlü Arzu Nəsirova, 1980-ci il təvəllüdlü Aynurə Nəsirova, 2012-ci il təvəllüdlü İ.İsmayıllı, 1988-ci il təvəllüdlü Nahidə Qurbanova, 1981-ci il təvəllüdlü Alimə Qurbanova, 1966-cı il təvəllüdlü Rəhimə Əliyeva və 1973-cü il təvəllüdlü Kəmalə Məhərrəmova xəsarət alıblar. Onlar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Son məlumata görə, yaralılardan 2-si Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.
Daha 6 yaralı isə ambulator müalicə üçün evə buraxılıb.
Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.
Faktla bağlı araşdırma aparılır.