Azərbaycanda iyun ayının 4-ü gündüz və 5-dən 9-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağıntılı olacaq.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Xüsusən də Balakən, Şəki, Qazax, Gəncə, Dağlıq Şirvan rayonlarında yağıntılar intensiv və güclü olacaq. Qərb küləyi əsasən dağ və dağətəyi rayonlarda arabir 25-30 m/san-dək güclənəcək.
“Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi gözlənilir. Gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar insanlara çoxmərtəbəli binaların, irigövdəli ağacların, təhlükə yarada biləcək hasarların yanında durmaq məsləhət görülmür. Gursululuq dövrü nəzərə alınaraq leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı və bunun nəticəsində bəzi dağ çaylarından sel keçəcəyi gözlənilir. Bunlar nəzərə alınaraq insanlara çayın hövzəsindən kənarda durmaları məsləhət görülür”.