Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbul edib.
Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda Nazirlər Kabinetinin sorğusu əsasında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.
Qərarda qeyd olunub ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin müddəalarının tətbiqi istisna edilir.
Dövlətin diqqət və qayğısında olan həlak olmuş hərbi qulluqçuların valideynlərinin (yaxın qohumlarının) sosial rifahının yaxşılaşdırılması istiqamətində mümkün tədbirlərin davam etdirilməsi müvafiq dövlət qurumları tərəfindən daim nəzərdə saxlanılmalıdır.