İyunun 24-də Bakının Maştağa qəsbəsindəki Mədəniyyət Evində Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti VII (X) qurultayı keçiriləcək. Qurultaya yerli təşkilatlardan 300-dən çox nümayəndə seçilib.
Bu barədə Turan-a AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov məlumat verib.
Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin müraciətinə cavabda qurultayın Maştağa qəsəbəsindəki Mədəniyyət Evində keçirilməsini təklif edib.
"Mədəniyyət evində yalnız 255 nəfər üçün oturacaq var. Qurultay nümayəndələrinin sayı isə 300-dən çoxdur. Bizə alternativ yerlər təklif edilmədiyindən seçimimiz qalmadı", - deyə o bildirib.
A.Məhərrəmov bildirib ki, qurultayın gündəliyinə sədrin hesabatı, sədrin seçkisi, Mərkəzi Nəzarət Təftiş Komissiyasının seçkisi və yeni Ali Məclisin təsdiqlənməsi daxildir.
"Qurultayın səndələri "Siyasi Partiyalar haqqında" yeni qanunun tələblərinə uyğun olaraq yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə təqdim ediləcək", - deyə o qeyd edib.
AXCP-nin bundan öncəki VI (IX) qurultayı 2015-ci ildə keçirilib.
A.Məhərrəmli bildirib ki, AXCP qurultayı nizamnaməyə uyğun olaraq iki ildən bir keçirilməlidir.
"Ancaq qurultayın keçirilməsi üçün yer ayırlması xahişi ilə dəfələrlə hökumətə və biznes təşkilatlarına müraciətimizə müsbət cavab ala bilməmişik. Bu səbəbdən qurultayın keçirilməsi dəfələrlə təxirə salınıb", - deyə A.Məhərrəmov vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası 1989-cu ildə Azərbaycan Milli Azadlıq hərəkatının aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinin bazasında qurulub və həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.
Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy 1992-1993-cü illərdə ölkə Prezidenti olub. Azərbaycan Xalq Cəhhəsi Partiyası müxalifətdədir və hökumətin siyasətini sərt tənqid edir.
2001-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.