İyulun 3-dən etibarən Azərbaycan Dəmir Yolları (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Sabunçu-Bakı marşrutu üzrə əlavə qatar reysi təyin edir.
ADY-dən Senzor.az-a bildirilib ki, Bakıdan saat 8:25-də yola düşəcək qatar Sabunçu stansiyasına saat 8:42-də, əks istiqamətdə saat 8:52-də yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 9:07-də çatacaq.
Eyni zamanda, iyulun 3-dən etibarən Ağstafadan Bakıya yola düşən qatarın paytaxta saat 23:15-də çatmasını nəzərə alaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində saat 22:45-də yola düşən sonuncu sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilib. Belə ki, iyulun 3-dən etibarən müvafiq istiqamət üzrə qatar yenilənmiş cədvələ əsasən saat 23:45-də yola düşəcək.
Bununla yanaşı, həftəiçi Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə saat 13:30-da, Sumqayıt-Pirşağı-Bakı istiqamətində isə saat 14:30-da hərəkətdə olan reyslər həftəsonu və qeyri-iş günlərində də eyni saatlarda hərəkətdə olacaqlar.
Qeyd edilən dəyişikliklərlə əlaqədar Bakı-Sumqayıt-Bakı sürətli qatarlarının hərəkət qrafiki yenilənib.