İyulun 2-də Azərbaycan Polisi yaranmasının 105-ci ildönümünü qeyd edir. Azərbaycan Polisi bu müddətdə şərəfli və keşməkeşli yol keçib.
Daxili İşlər Nazirliyi (DİN) və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayıb, müstəqilliyin müdafiəsinin ön sıralarında olub. 1920-ci il aprelin 27-də cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və asayişin qorunmasında böyük təcrübə, yüksək bilik əldə edib. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın bir çox sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər nazirliyin tarixinə ən mühüm mərhələ kimi həkk olunub. SSRİ dövründə Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə fərqlənib.
Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub
Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb.
Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Dahi şəxsiyyət Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb. Bu da Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə də özünü göstərdi.
Azərbaycan Polisi Birinci Qarabağ müharibəsində daim ön cəbhədə idi
Azərbaycan Polisi Birinci Qarabağ müharibəsində daim ön cəbhədə vuruşub. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.
Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayır
2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü.
Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.
Dövlətimizin başçısı da daim nazirliyin strukturunun və normativ-hüquqi bazasının, maddi-texniki təchizatının təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin və təminatının gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu gün müasirləşmə tendensiyası DİN-in bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasını, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.
Beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan Polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan yaradır.
Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.
Azərbaycan Polisi pandemiya dövründə vətəndaşımızın sağlamlığının qorunması üçün fasiləsiz xidmət aparırdı
Xüsusi vurğulamaq lazımdır ki, dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dövründə də Azərbaycan Polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdi. Bu mühüm məsuliyyəti dərindən dərk edən daxili işlər orqanlarının əməkdaşları pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparırdı. Bu çətin günlərdə Azərbaycan Polisinin nümunəvi xidmətinə ən yüksək qiyməti də məhz Prezident İlham Əliyev vermişdi: “Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq. Pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır”.
DİN əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də göstəriblər
Vətən müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olub. Belə ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də nümayiş etdiriblər. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.
Polisi Günü ərəfəsində DİN-in müxtəlif struktur qurumlarına aid yeni inzibati binalar istifadəyə verilib
Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, o cümlədən DİN-in Daxili Qoşunlarının fəaliyyətinin təkmilləşdirilməsinə, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən il fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakı, eləcə də dövlət başçısının Azərbaycan Polisi Günü ərəfəsində - iyulun 1-də imzaladığı Sərəncamla nazirliyin bir qrup əməkdaşının təltif etməsi bunun əyani göstəricisidir.
Bu il martın 11-də Daxili Qoşunların yaranması günü ərəfəsində Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili Qoşunların hərbi qulluqçularının bir qrupu mükafatlandırılıb. İki nəfər “Vətən uğrunda”, on nəfər “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.
Eləcə də 2 İyul – Azərbaycan Polisi Günü ərəfəsində Daxili İşlər Nazirliyinin (DİN) müxtəlif struktur qurumlarına aid dörd yeni inzibati bina istifadəyə verilib. Həmçinin kibercinayətlərə qarşı əks tədbirlərin gücləndirilməsi, sistemli və daha məqsədyönlü aparılması, müvafiq sahədə vətəndaş məmnunluğunun təmin edilməsi üzrə fəaliyyətin beynəlxalq standartlara uyğun iş şəraitində həyata keçirilməsi məqsədilə DİN-in Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yeni inzibati binası tikilib. Bu yeni inzibati binalar əməkdaşların sosial, məişət və iş şəraitinin yaxşılaşdırılması məqsədilə istifadəyə verilib. Təhsilalanların sosial və məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi məqsədilə nazirliyin yeni Təlim-Tədris Mərkəzi inşa edilib.
Azərbaycan Polisi ölkəmizdə istənilən təxribatın qarşısının alınmasında yüksək peşəkarlığa malikdir
Gündəlik həyatımızda kriminal elementlərlə qarşılaşmadığımız üçün polisin fəaliyyətini qabarıq şəkildə görməyə bilərik. Amma hər bir Azərbaycan vətəndaşı anlamalıdır ki, hazırkı təhlükəsizlik mühiti həm də polisin gözəgörünməz, önləyici fəaliyyətinin nəticəsidir. Bu gün ölkəmizdə ictimai asayişin və ictimai qaydanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan Polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir. Daxili işlər orqanlarının əməkdaşları bu yüksək peşəkarlığı "Bravo” mağazalar şəbəkəsinə məxsus hipermarketə hücum zamanı nümayiş etdirdilər. Həmin terror hadisəsini törətməkdə şübhəli bilinən şəxslərin dərhal zərərsizləşdirilməsi polisin növbəsi uğurlu əməliyyatlarından biri oldu.
Bundan başqa, son vaxtlar müxtəlif dövlətlər və onların strukturları, Azərbaycana münasibətdə daim təxribatçı mövqe tutan, daxildə iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmaq üçün səylər göstərirlər. Azərbaycan Polisi silahlı yolla mütəşəkkil cinayətkar qrupların Azərbaycanın konstitusion quruluşuna çıxanlara qarşı qətiyyətlə mübarizə aparır. Belə ki, polis əməkdaşlarımız bir neçə səsli-küylü cinayətlərin, o cümlədən Milli Məclisin deputatı Fazil Mustafanın həyatına sui-qəsd cinayəti törədənlərin saxlanılmasını təmin ediblər. Bu gün biz Azərbaycanın gənc nəslini narkotik vasitələrlə zəhərləməyə çalışılmasının və ifrat düşmənçilik tendensiyaların şahidi oluruq. İmanını, dinini itirən bəzi şəxslərin Azərbaycana gətirməyə çalışdığı “ağ ölüm”lə mübarizə istiqamətində Azərbaycan Polisinin mühüm rolu var.
Laçın-Xankəndi yolunda təşkil olunan ekofəalların aksiyasında Azərbaycan Polisi nümunəvi xidmət göstərdi. Polis əməkdaşları aksiya iştirakçılarının təhlükəsizliyini və mühafizəsini yüksək səviyyədə təmin etdi.
Statistika da göstərir ki, Azərbaycan Polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir. Belə ki, ölkəmizin kriminal indeksi Litva, İspaniya, Macarıstan kimi Avropa İttifaqı ölkələrindən daha aşağıdır. Ötən il Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 89,7 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlərin 85,3 faizi, şəxsiyyət əleyhinə qanun pozuntularının 98,2 faizi açılıb.
DİN-in şəxsi heyəti cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qoruyur və respublikada ictimai asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanıb.(AZƏRTAC)