Deputat Madər Musayev dəfn edildi - PREZİDENT İLHAM ƏLİYEV NEKROLOQ İMZALAYIB
YENİLƏNİB, FOTO


Bu gün vəfat etmiş deputat Madər Musayevlə vida mərasimi keçirilib.  


Senzor.az xəbər verir ki, mərhum vida mərasimindən sonra Bakının Binəqədi kənd qəbiristanlığında torpağa tapşırılıb.


Vida və dəfn mərasimində M.Musayevin yaxınları, millət vəkilləri, məmurlar, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Bu arada Prezident İlham Əliyev Madər Əliəsgər oğlu Musayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

 

Nekroloqun mətnində deyilir:

 

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Madər Əliəsgər oğlu Musayev 2023-cü il iyulun 14-də ömrünün 76-cı ilində vəfat etmişdir.

 

Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. O, 1975–1982-ci illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsində ali təhsil almışdır.

 

Əmək fəaliyyətinə 1964-cü ildə Bakı şəhərində ticarət sahəsində başlayan Madər Musayev 1995-ci ilədək bu sahədə müxtəlif vəzifələrdə çalışmış, iri ticarət mərkəzlərinə rəhbərlik etmiş, ticarətin təşkili və təkmilləşdirilməsi işində mühüm xidmətlər göstərmişdir. O, uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, insanlara münasibətdə həssaslığı və dərin məsuliyyət hissi sayəsində böyük hörmət və rəğbət qazanmışdır.

 

Madər Musayevin ictimai fəaliyyəti də zəngin olmuşdur. O, XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin və I–VI çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının üzvü kimi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Madər Musayevin xidmətləri təqdirə layiqdir. O, həmçinin Türkiyə, Rusiya, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Tunis, Gürcüstan və Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmaqla parlamentlərarası qarşılıqlı əməkdaşlığın inkişafına töhfələr vermişdir.

 

Madər Musayev milli dövlətçiliyə sədaqəti və xalqımızın adət-ənənələrinə xüsusi ehtiramı sayəsində çoxsaylı seçiciləri arasında həqiqi nüfuz sahibi olmuşdur. Xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlərdən idi.

 

Madər Musayevin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim lazımınca qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2007-ci ildə “Şöhrət”, 2017-ci ildə “Şərəf” və 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.

 

Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Madər Əliəsgər oğlu Musayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

İlham Əliyev

 

Mehriban Əliyeva

 

Əli Əsədov

 

Sahibə Qafarova

 

Samir Nuriyev

 

Eldar Əzizov

 

Ədalət Vəliyev

 

Əhliman Əmiraslanov

 

Ziyafət Əsgərov

 

Hicran Hüseynova

 

Eldar İbrahimov

 

Eldar Quliyev

 

Ağalar Vəliyev".

Fotolar: Xəyal Vəlizadənindir

**13:33


Milli Məclisin deputatı Madər Musayev vəfat edib.


Bu barədə Senzor.az-a deputatın yaxınları məlumat veriblər.


Qeyd edək ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.


XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.


“Şöhrət” və “Şərəf” ordenləri, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Deputat evli idi, 3 övladı var.


Xatırladaq ki, bir neçə gün öncə Madər Musayevin ayağından xəsarət aldığı üçün xəstəxanaya yerləşdirildiyi və əməliyyat olunduğu haqda məlumatlar yayılmışdı.


Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.