Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Senzor.az bildirir ki, FHN-in Mətbuat Xidmətindən verilən məlumatda belə deyilir.
Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 69 yanğına çıxış, 19 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 22 nəfər xilas edilib, yanğın zamanı 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.