“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 29-30 iyul tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.
Bu barədə Senzor.az-a ADY-dən bildirilib.
Məlumata görə, 29 və 30 iyul tarixlərində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:22-də çatacaq. Əks istiqamət üzrə həmin tarixlərdə əlavə reyslə saat 17:10-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 22:10-da çatacaq.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.
Marşrut üzrə Bakıdan Yevlaxa kimi bir istiqamətə gedişhaqqı standart yerlərdə 13 manat, Bakı-Goran istiqaməti üçün 14 manat, Bakı-Gəncə istiqaməti üçün 15 manat, Bakı-Qovlar istiqaməti üçün 16 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat, Bakı-Ağstafa istiqaməti üçün 17 manat təşkil edir.